Əmanət (Əzizli Sevinc)


: 11/04/2018    : 214


                                           Əmanət 

   Telefon çaldı. Ana telefona tərəf qaçdı. Telefondakı onun əsgər oğlu idi. Ana oğlunun səsini eşidəndə çox sevindi. Oğlan iki gündən sonra qayıdacağını dedi. Ertəsi gün oğlan çantasını hazırlayırdı. Bu vaxt xəbər gəldi ki, düşmən qonşu kəndə hücum edib. Bütün əsgərlər hazırlaşıb kəndə getdilər. Oğlan komandirə dedi:

   — Komandir, mən də yoldaşlarımla getmək istəyirəm.

   Komandir etiraz etsə də, oğlan fikrindən dönmədi. O, inadla dedi:

   — Yoldaşlarım orda vuruşarkən mən burda necə oturum?!

   Oğlan da kəndə getdi. Güllələr havada uçuşur, bombalar atılırdı. Bir az irəlidə oğlan kolların arxasından bir səs eşitdi. Kolların arxasında 3-4 yaşlı oğlan uşağı ağlayırdı. Yanında qadın və kişi meyiti var idi. Oğlan uşağa yaxınlaşıb dedi:

   — Ağlama. Onlar ana və atandır?

   — Hə, — Uşaq boğuq səslə dedi.

   — Başqa heç kimin yoxdur? — deyə  oğlan soruşdu.

   — Yox, bütün yaxınlarımı müharibədə itirmişəm.

   Oğlan uşağı qucağına alıb dedi:

— Yaxşı, gəl gedək.

   Bu zaman yaralı düşmənlərdən biri silahı götürdü və oğlanı sol kürək nahiyəsindən vurdu. Oğlan dizlərinin üzərinə çökdü. Əsgərlərdən biri oğlanın yanına gəldi. Oğlan uşağı yoldaşına verib dedi:

   — Uşağı anama apar və ona de ki, oğlunun əmanətidir. Əmanətə gözü kimi baxsın. Anam bir oğul itirdi, bir oğul qazandı.

   Oğlan bu sözləri deyib gözlərini əbədi yumdu.

   Ertəsi gün həyətə bir maşın gəldi. Ana: ”Oğlum gəldi, oğlum gəldi”, — deyə-deyə həyətə qaçdı. Maşından bir əsgər qucağında bir uşaq ilə düşdü. Əsgər anaya: ”Oğlunuzun əmanətini gətirmişəm”- dedi və uşağı anaya verib baş verənləri danışdı. Ana uşağı bərk-bərk qucaqladı. Gözündən isə sadəcə bir damla yaş düşdü…

     Əzizli Sevinc — 106 №-li tam orta məktəbin 8-ci sinif şagirdi


Açar sözlər

Əmanət Əzizli Sevinc