Haqqımızda


Bir xəyal dünyamız vardı. Uşaqlıq xəyalı. Təbii, səmimi, sevgi dolu, rəngarəng… Bu xəyal dünyasının yeganə sakinləri yaxşılar və doğrulardı… Bizimlə birlikdə xəyallarımız da böyüdü. Böyüdükcə daha da gözəlləşdi.

Və bir gün bir dərgi döydü qapımızı. Əvvəlcə ədəb-ərkanla evimizə, sonra da yavaş-yavaş könüllərimizə qədəm qoydu.

“Qönçə” ilə çiçək açan xəyallarımız indi gələcəyə gülümsəyir. Bu gün keçmişə boylananda bir şeyi daha yaxşı başa düşürük: Böyüklərə xoşbəxtlik gətirən bir dünya üçün uşaqlıq xəyallarına ehtiyac var.      

Qönçəsevərlər hər ay yeni rəng və nəfəslə işıq üzü görən dərgiləri ilə yeni macəralara yelkən açır. Qönçə araşdırır, tapır, yazır, çəkir, həyatın gözəlliklərini sevgi və həyəcanla öz səhifələrində canlandırır.

“Qönçə” təbiəti və insanları sevməyi, onları kəşf etməyi öyrədir bizə. Hamımıza şəfqətlə qucaq açır, doğma övladlarıtək bağrına basır bizləri.

Nağıllar, hekayələr, şeirlər, maraqlı əhvalatlar, elmi məlumatlar və nümunəvi qəhrəmanlarla bizi öz dünyasına alıb aparır “Qönçə”.

“Qönçə” özünü sevdirir və oxutdurur. Bilik heybəmizi zənginləşdirir, düşüncələrimizə yön verir.

Kimsəni unutmur, hamımızı qucaqlayır. Bəzən Yer kürəsinin, bəzən də Göy üzünün ucsuz-bucaqsız gözəlliklərinə səyahətə çəkir bizi.

Hər hərfi, hər kəlməsi, hər cümləsi zehnimizi açır, fikirlərimizi şaxələndirir, xəyallarımızı ənginləşdirir, qəlbimizə rahatlıq gətirir.

Həyatı düzgün anlamağa kömək edir, bizi milli-mənəvi dəyərlərimizlə birləşdirir, insanları, heyvanları, bitkiləri sevməyi öyrədir bizə.

“Qönçə” əyləndirərək öyrədir, öyrədərək əyləndirir. Yazı və şəkilləri ilə digər dərgilərə bənzəmir “Qönçə”. Təkrar və reklamlara rast gəlməzsiniz onun səhifələrində. Hər ay hər şey yeni və gözəl olur“Qönçə”də. Hekayə və nağıllarda nümunəvi qəhrəmanları, yaxşılığa və doğruluğa aparan süjet xətti ilə təmiz qəlbli uşaqlara layiq olmağa çalışır “Qönçə”.

“Qönçə” təkcə bir dərgi deyil, bizi bizdən çox düşünən səmimi bir dost, etibarlı bir sirdaşdır. Hər dəfə bir-birindən gözəl hədiyyələrlə sevindirir qönçəsevərləri. Hər sayında ağlımıza bilik, qəlbimizə sevgi süzür öz kuzəsindən. Onun sevinc və hüzur dolu dünyasında zaman yaxşılıq və doğruluqla keçir.

“Qönçə” bir eşqdir, bir sevdadır uşaqlar üçün. İlin 5 ayı açır, bütün ilə sevinc gətirir.

Dünyaya sevgi ilə baxan bir düşüncənin bəhrəsidir “Qönçə”. Zəngin yazı və rəsmləri ilə uşaqların ruhi-mənəvi, psixoloji və əqli inkişafına öz töhfəsini verir. Gələcək “Qönçə”nin səhifələri ilə şəkillənir..

Bir sözlə, gələcəyimiz olan uşaqlarımızın maraq və ehtiyaclarına uğurla cavab verir. Hər ay canlı, həyəcanlı və əlbəttə ki, hədiyyəli bir dərgi qonaq gəlir bizlərə!