Hind toyuğu ilə ilbizlər


: 01/04/2015    : 359


 Hind toyuğu ilə ilbizlər

Çox-çox qədimlərdə bütün heyvanların mehriban yaşadığı bir meşə vardı. Meşə sakinlərinin hamısı bir-birindən ağıllı idi. Onlar danışa da bilirdilər. Meşə əhalisinin kimisi əkinçilik və bağçılıqla məşğul olur, mövsümdən-mövsümə əkib-biçir, gözəl meyvələr yetişdirirdi. Kimisi də ticarətlə məşğul olub çoxlu pul qazanırdı.

Ticarətlə məşğul olan heyvanlardan biri də ağlı və kamalı ilə tülküləri belə özünə heyran qoyan hind toyuğu idi. Həmin bu hind toyuğu meşəni gəzdikdən, xeyli götür-qoy etdikdən sonra ilbizlərin yaşadığı bölgədə bir dükan açdı. Dükanda keçəlliyə qarşı sabunlar və cürbəcür dərmanlar satmağa başladı. Ona inanan bəzi ilbizlər də: “Gözəl telimiz olacaq”, – deyib bu dərman və sabunları göydə aldılar.

Həmin dərmanlar bəzi ilbizlərin başını qızartdı, bəzisinin də gözünü. Eləsi də oldu ki, başı daha da keçəlləşdi. Gözəl saç bitirmək bir yana, keçəlliyi daha da betər etdi bu dərmanlar…

Günlər keçdi. Bir gün yaşlı ilbizlərdən biri hind toyuğunun hiyləsini anladı. Dərhal üz tutdu onun dükanına.

Qoca ilbiz dükana çatıb sözə başladı:

– Mənə bax, ey hind toyuğu! Bizim ilbizlərin hamısı sənin satdığın dərmanlardan istifadə edir. Ancaq nə saçı çıxan var, nə də gözəlləşən.

– Dayan bir görək, ay sağ olmuş. Niyə hirslənirsən? Bax bu, axırıncı dərmandır. Bunu istifadə etsən, bir ay sonra keçəlliyindən əsər-əlamət qalmaz.

– Sən öz keçəlinə bax, sax­takar! Madam ki, sən bu keçəllik xəstəliyinin çarəsini bilirsən, elə öz başına çək də! Tez ol, yığışdır bütün əşyalarını, buranı tərk elə. Gözüm görməsin səni.

Hind toyuğu bu sözlərdən sonra ilbizlərin diyarını sakitcə tərk etdi.

 


Açar sözlər

çarə dərman hin toyuğu ilbiz keçəl qönçə zəli