“Qönçə” dərgisi 16. say – Mart 2015


mart qapaq
“Qönçə” dərgisi 16. say – Mart 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 27/02/2015    : 729


Tacir Aslan

Biri var idi, biri yox idi, çoxlu heyvanlar yaşayan bir meşə var idi. Meşənin əksər sakinləri ticarətlə məşğul olurdu. Ona görə də ən fərasətli heyvanlar bu meşədə yaşayırdı. Şübhəsiz ki, bu meşənin də öz aslan hökmdarı var idi. Aslan şah həm də meşənin ticarətinə ağalıq edirdi. Necə? İndi deyirəm.

Balı arılardan alıb ayılara verir, əvəzində ayılardan taxta-şalban alıb tikinti-inşaat işləri ilə məşğul olan qunduzlara satırdı. Əmlak bazarının sahibi də, təbii ki, aslan idi.

Son vaxtlar işlər yolunda getmirdi. Arılar balı baha qiymətə satmaq istəyir, ayılar da balın keyfiyyətindən narazılıq edirdilər. İnşaatçı qunduzlar isə taxta-şalbanı artıq bəyənmirdilər.

Qısaca, meşənin böyük şahı el-aləm içində rəzil-rüsvay olmaq ərəfəsində idi. Bir gün aslan düşünüb buna bir çarə tapdı: “Mən şah deyiləm? Axı ticarət mənim nəyimə gərək? Yaxşısı budur, bu işdən əl çəkib meşə əhalisindən vergi yığmaqla məşğul olum. Kim nə qədər qazansa, yarısını alım. Etiraz edən olsa, bu pəncələrimlə cəzalandırım. Vəssalam!”

Şahın fərmanı dərhal meşənin bütün qəzetlərinə, televiziya kanallarına çatdırıldı. Qəzetlər bu mövzuya səhifələrlə yer ayırdı. Kanallar gündəlik verilişlərini dayandırıb kralın fərmanını xalqa çatdırdı. Fərmana etiraz edən cəzalandırılacaqdı. Vəkil göndərmək istəyənlərə şah şəxsən özü pəncələri ilə həddini
bildirəcəkdi.

İlk vaxtlar fərmana çox heyvan ürəyində etiraz etsə də, ayın sonunda hamı vergiləri qəpiyinədək ödədi.

Tər töküb qazandıqları pulların yarısını aslana vermək heyvanlara ağır gəlirdi. Ancaq bir çıxış yolu tapa bilmirdilər.

Günlərin bir günü kök ticarəti ilə məşğul olan dovşanın ağlına yaxşı bir fikir gəldi. Ayın sonunda heyvanlar vergini ödəyəndə dovşan lap axırda getdi. Hətta bir az da ləngidi ki, aslan qəzəblənsin. Nəhayət, aslanın hüzuruna çıxdı. Şah hiddətindən nərə çəkib dovşandan niyə gecikdiyini soruşdu.

– Şah sağ olsun, – dovşan dedi, – yolda meşəyə təzə gələn bir aslanla qarşılaşdım. Mənə dedi ki, bundan sonra vergiləri o toplayacaq. Ona görə gecikdim. Hətta canımı onun pəncəsindən güclə qurtardım.

Aslan qəzəbli-qəzəbli dilləndi:

– Bilirsən, nə sayıqlayırsan, ey dovşan? Bir ölkədə iki şah, bir şəhərdə iki hakim ola bilməz. Dərhal məni onu gördüyün yerə apar. Sən yolu göstər, mən onun dərsini verərəm.

– Ancaq, şah həzrətləri, bir məsələ də var. Qarşılaşdığım aslan eynilə sizin kimi güclü, qüvvətli və nəhəng idi. Üstəlik mənə dedi ki, şahınıza söyləyin, qarşıma çıxmasın.

Dovşanın son sözləri aslanı lap özündən çıxardı. Dovşanı da qabağına qatıb düşməninə həddini bildirmək üçün yola düşdü. Az getdilər, üz getdilər, dərə, təpə, düz, nəhayət, gəlib bir quyuya çatdılar.

Dovşan quyunu göstərib: “Bura həmin aslanın sarayıdır”, – dedi.

Qəzəbdən ağlı başından çıxan aslan quyunun üstünə gəldi və nərə çəkərək düşməni döyüşə çağırdı. Quyu dərin olduğu üçün aslanın səsi əks-səda verirdi. Buna daha da qəzəblənən şah:

– Aslansansa, gəl bura! – deyə kükrədi.

Eyni sözlər quyudan əks-səda verəndə əyilib quyunun içinə baxdı. Orada öz surətini görən aslan dərhal quyuya atıldı. Quyunun buz kimi suyu onun “ağlını başına gətirdi”. Xəbəri alan heyvanlar quyunun başına çatanda artıq iş-işdən keçmişdi. Beləcə, zalım öz cəzasına çatdı. Meşə sakinləri iti zəkalı dovşanı təbrik etdi, hətta onu İqtisadiyyat Naziri vəzifəsinə təyin etdilər.

 

 


Açar sözlər

aslan ayı dovsan mart qönçə şir ticarət vergi


Abunə ol!