Nilufər Ocaqlı


: 01/04/2015    : 847


nilufər-1

Mənim akvariumum

Nilufər Ocaqlı

A. Şaiq adına 54 saylı orta məktəbin 6ç sinfinin şagirdi

Bəzilərimizin evində olduğu kimi, mənim də öz akvariumum var. Təbii ki, mən ona hər gün baxıram. Mənim akvariumumda növbənöv balıqlar var. Mə­sələn, skalyariya, qupin, barbrus, neon və s. Mən balıq saxlamamışdan əvvəl ensiklopediyalardan və internetdən bəzi məlumatlar əldə etdim və hələ də buna davam edirəm. Balıq saxlamaq adəti eramızdan əvvəl 1500-cü ildə Yaponiyada yaranmışdır. Balıq saxlamağın, xüsusilə, yaponiyalılar üçün böyük əhəmiyyəti vardır. Yaponiyada teztez zəlzələ baş verdiyindən yaponlar evlərində böyük akvariumlar saxlayırlar. Çünki balıqlar zəlzələnin baş verəcəyini əvvəlcədən hiss edib sahiblərinə donuq-do­nuq baxırlar. Mən balıq saxlamağı sizə tövsiyə edirəm. Saxladıqca müsbət cəhətlərini
siz də görəcəksiniz.

Akvariumda vacib şərtlər

Akvariumda balıqların sax­lanılması haqqında dostlarıma bəzi tövsiyələrim var. Su bütün canlılar üçün vacibdir. Amma balıqlar üçün daha əhəmiyyətlidir. Suyun kimyəvi tərkibi çox dəyişkəndir. O, şirin və ya duzlu, ağır və ya yüngül, turş, oksigenlə zəngin və ya kasad, təmiz və ya çirkli ola bilər. İnsanlardan fərqli olaraq, balıqlar yerdəyişmədə məhdudiyyətlərlə qarşılaşırlar. Biz harada hava olarsa, ora gedə bilərik. Amma balıqlar istənilən suda yaşaya bilmirlər. Məsələn, dəniz balıqlarının qapalı göldə yaşaması müm­kün deyil. Burada onlar üçün lazımi şərait olmur. Balıqların yaşadığı, nəfəs aldığı, içdiyi su müəyyən şərtlərə uyğun deyilsə, onların vəziyyəti pisləşə və hətta ölə bilərlər. Siz akvariumunuzdakı suyun kimyəvi tərkibini − oksigen tutumunu, hərəkətini, təmizliyini dəqiq göstəricilərlə təmin etməlisiniz. Balıq saxlamaq istəyənlər bəzi şeyləri bilməlidir.

Əlbəttə, hər şeydən əvvəl akvarium almaq lazımdır. Akvariumun içinə müəyyən qədər xırda daş və ya qum tökdükdən sonra əşyaları içinə yerləşdiririk. Balıqları isə akvariumu su ilə doldurduqdan sonra yerləşdirə bilərik. Akvariumu ən azı həftədə 2 dəfə təmizləmək lazımdır. Balıqların özlərini okeandakı kimi hiss etməsi üçün akvariuma müxtəlif bitkilər qoya bilərsiniz və ya quma müxtəlif bitkilər əkə bilərsiniz. Məsələn, vallisneriya, kriptokarina, kobomba, elodeya bitkiləri akvariuma görə uyğundur. Amma akvariumu günün altına qoymaq olmaz. Çünki akvarium qızır və balıqlar ölür. Akvarium saxlamaq istəyən hər kəs bilməlidir ki, akvarium balıqların evidir. Akvariumunuza kimyəvi məhlulların düşməməsinə diqqət edin.

Akvariumun yaranma tarixi

Çinlilərin balıqlara münasibəti də maraqlıdır. Şüşə qablarda çay və dəniz balıqlarını saxlamışlar. Birinci dəfə 1500-cü ildə Yaponiyaya akvarium çinlilər tərəfindən gətirilmişdir. Buradan da akvariumun dünya səyahəti başlamışdır. Amerika və başqa ölkələrə birinci dəfə buradan yol almışdır. Əldə olunan məlumata görə, bir amerikalı admiral Yaponiya imperatorunun ona bağışladığı iki cüt şələquyruq qızıl balığı Amerikaya gətirmək üçün hərbi gəmidən istifadə etmişdir. Amerikalı varlılar bu balıqları admiraldan almaq üçün çoxlu pul təklif etsələr də, admiral onları satmamışdı. Balıqların oğurlanmasından ehtiyat edən admiral xüsusi mühafizə dəstəsi düzəltmişdi. O, balıqlar nəsil verib çoxaldıqdan sonra onları çox baha qiymətə satmışdı.

İndi isə hər birimizin akvariumunda cürbəcür balıq növü var.


Açar sözlər

akvarium balıq Nilufer Ocaqlı