“Qönçə” dərgisi 19. say – İyun 2015


iyun 2015.indd
“Qönçə” dərgisi 19. say – İyun 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 21/06/2015    : 571


Bayramın eşiyində

Arifin on bir yaşı var. O, beşinci sinifdə oxuyur. Tərbiyəsinə və çalışqanlığına görə həm müəllimləri, həm də valideynləri onunla fəxr edir.

Hər gün məktəbdən gələn kimi əllərini yuyub süfrə başına keçir, anasının hazırladığı ləzzətli yeməklərdən yedikdən sonra təşəkkür edib özündən kiçik beş yaşlı qardaşı ilə oynayır. Bir qədər istirahət edib dərs masasının arxasına keçir və həvəslə sabahkı dərslərini hazırlayır.

May ayının ortaları idi. Dərslər sona çatmaq üzrə idi. Həsən müəllim qarşıdan gələn 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü haqda məlumat verdi və hal-hazırda uşaqların müdafiəsinə çox ehtiyac olduğunu vurğuladı. Müəllim həm də bildirdi ki, dünyada heç də bütün uşaqlar onlar kimi yaxşı təhsil ala bilmirlər.

Arif dərsdən sonra evə gəldi, bir az istirahət elədi. Balaca qardaşı ilə oynamağı da unutmadı. Axşam yeməkdən sonra atasına yaxınlaşıb:

− Ata, bu gün müəllim başqa ölkələrdə yaşayan, təhsil ala bilməyən uşaqlardan danışdı. Onlar hansı ölkələrdir? − deyə soruşdu.

− Oğlum, eyni dünyada yaşasaq da, təəssüf ki, hamı eyni səviyyədə yaşamır. Somali, Tanzaniya, Sudan kimi Afrikanın bir çox yoxsul ölkələrində yaşayan uşaqlar təhsil almaq üçün nə qədər əziyyət çəkirlər. Məsələn, Somali həddən artıq yoxsul ölkədir, valideynlər uşaqlarını oxuda bilmirlər. Dərs vəsaitləri çatışmır, uşaqlar bəzən açıq havada, yerdə oturaraq dərs keçirlər. Lövhələri qumdan, təbaşirləri çubuqdandır. Onların çoxu məktəbə getməkdən məhrumdur. Ancaq son illərdə xeyriyyəçi insanların dəstəyi ilə bir neçə məktəbin açılması uşaqları xeyli sevindirib.

Arifin gözləri dolmuşdu. O, indiyə qədər heç bir uşağı məktəbsiz təsəvvür etməmişdi. Ağlına bir fikir gəldi:

− Ata, ata, mən də böyüyəndə xeyriyyəçi olub onlara kömək edəcəyəm ki, təhsil ala bilsinlər. Oxuyub savadlı olsunlar.

− Məncə, indidən başlamalısan.

− Necə?

− Özün fikirləş…

Bu söhbətin üstündən bir həftə keçdi. Arif axır vaxtlar yaman narahat görünməyə başlamışdı. Tez-tez ev telefonu ilə sinif yoldaşlarına zəng edir, nəsə danışırdı. Üstəlik anasından cib xərcliyi alsa da, hər gün məktəbdən ac qayıdırdı. Anası məktəbdə bir şey alıb yemədiyini hiss eləmişdi. Üstəlik atasından təzə dərslik üçün pul almış, ancaq haradansa köhnə altıncı sinif dərslikləri tapıb gətirmişdi.

Atası Arifdən şübhələnmişdi. Ona görə də vaxt tapıb məktəbə getdi. Arifin sinif rəhbəri Rəşad müəllimlə görüşdü. Rəşad müəllim onu gülərüzlə qarşıladı və belə dedi:

− Mən də sizə təşəkkür edəcəkdim. Xeyirxah oğul böyütmüsünüz.

− Arif neyləyib ki? – deyə soruşdu təəccüblə.

− Sizin oğlunuz təmiz ürəklidir, canıyanandır, xeyirxahdır. Bilirsiniz, neyləyib? Bir həftə olar ki, məktəbi qatıb bir-birinə. Uşaqları yığıb başına ki, gəlin Somalidə oxuyan uşaqlara kömək edək. Sinif yoldaşları ilə birgə xərcliklərini bir yerə yığıb somalili şagirdlər üçün çanta, dəftər-qələm, paltar alıblar. Hətta valideynləri, müəllimləri də bu işə qoşublar. İndi məktəbdə hər kəs bu xeyirli işə kömək etməyə tələsir. Hətta qərara gəliblər ki, gələn il heç kəs təzə kitab almasın, işlənmiş kitablardan istifadə etsinlər. Əvəzində dərslik pullarını yığıb Somaliyə − aclıqdan əziyyət çəkən həmyaşıdlarına göndərsinlər. Oğlunuza belə gözəl tərbiyə verdiyinizə görə sizə minnətdaram.

Atası müəllimlə sağollaşıb evə qayıtdı. Axşam evə gələndə oğlunun başına sığal şəkib ona diqqətlə baxdı və bu sözləri söylədi:

− Hər birimiz sənin kimi məsuliyyətli və fədakar olsaq, bütün insanların üzü gülər. Dünyada heç bir uşaq əziyyət çəkməz. Bu əməlinə görə sənə təşəkkür edirəm.

Aradan 3 ay keçdi. Sentyabrın 15-i idi. Uşaqlar tətildən qayıtmışdılar. Hamı başına gələn maraqlı hadisəni danışırdı. İlk dərs ədəbiyyat fənnindən idi. Həsən müəllim içəri girdi, uşaqları salamlayıb dedi:

− Xəbəriniz var? Göndərdiyiniz yardımlar Somaliyə çatıb. Neçə uşağı sevindirmisiniz, neçə uşağı geyindirmisiniz, neçə uşağa ümid vermisiniz. Və diliniz, rənginiz ayrı olsa da, onların dərdinə şərik olduğunuzu göstərmisiniz. Görün on yaşlı somalili Abdullah İbrahim sizə nə yazıb.

Həsən müəllim zərfi açıb məktubu oxumağa başladı:

“Sizləri salamlayıram, əziz azərbaycanlı dostlarım. Siz bizi heç görməmisiniz, ölkəmizə gəlməmisiniz, ancaq bizə kömək edirsiniz. Sizdən gələn paltarları, qələm-dəftəri bağrıma basdım, ağladım. Nə yaxşı ki, varsınız. Artıq məktəbə getmək üçün paltar dərdi çəkməyəcəm, qələm-dəftəri düşünməyəcəm. Artıq hər gün məktəbin yollarına həsrətlə baxmayacam. Sizə nə qədər təşəkkür etsəm, azdır. Gün gələr, biz də böyüyər, möhtac  insanlara kömək etməklə sizin yolunuzu davam etdirərik. Xeyirxah insanlara salam olsun! Hörmətlə, dostunuz Abdullah İbrahim”.

Həsən müəllim məktubu zərfə qoyub soruşdu:

− Sizcə, bu məktubu kimə verək, yadigar saxlasın?

Hamı uca səslə bir ağızdan: “Aarif!” – dedi.


Abunə ol!