“Qönçə” dərgisi 20. say – İyul 2015


iyul-2015.indd
“Qönçə” dərgisi 20. say – İyul 2015
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 2.50 AZN

: 21/06/2015    : 792


Təbəssüm

Gülümsəmək sənə çox yaraşır. Əslində, təkcə sənə yox, mənə də, ona da, bir sözlə, hər kəsə yaraşır. Göydə süzən quşa, çəməndə açan çiçəyə, ən çox da uşaqlara yaraşır.

Gülümsəmək hər səhər günəş kimi parıldamaq, hər bahar gül kimi açmaqdır. Könüllərdən könüllərə körpülər salmaqdır. Körpülərlə könülləri gül-gülüstana çevirməkdir.

Təbəssüm olan yerdə qəlblər qırılmaz. Dildən pis söz çıxmaz. Hamı can deyib can eşidər. “Buyur”, “Bağışla”, “Ay can”larla könül taxtında taclar qoyular. Dostlar bir-birinə xatirələrini danışanda “bir təbəssümlə tanış olmuşuq” deyərlər.

Gülümsəməklə dünyamız dəyişər. Hər kəsin üzü gülər. Gü­lüm­səyin ananıza, atanıza, qardaşınıza. Hər kəsə gülümsəyin; müəlliminizə, dostunuza, dükanda işləyən satıcı əmiyə, hər kəsə, ağaclara, quşlara, çiçəklərə…

Bilirsiniz də, gülümsəmək qəhqəhə çəkib gülmək deyil. Dodaqların sadəcə azacıq qaçması, bir az təbəssüm saçmasıdır.

Gülümsəmək ümidsizliyin, yorğunluğun məlhəmi, biləyin qüv­vəti, qəlbin fərəhidir. Ağlamaq qarlı-şaxtalı qışdırsa, gülümsəmək çiçəkləri ətir saçan bahar fəslidir.

Bəzən bir təbəssümlə könüllər fəth edilir, qəlblərə yol tapılır. Ürəklərə sevgi toxumları səpilir. Kin, nifrət və həsəd kimi xəbis duyğuların, tikanların, kol-kosların kökü kəsilir.

Haydı, gülümsə! Bax belə. Mənə, ona, hər kəsə bir təbəssüm ərməğan et. Qəlbimizin düz qönçəsinə qonsun o təbəssüm. Oradakı bülbül təbəssümlə açılmış qəlb qönçəsinə baxıb həmişə cəh-cəh vursun!


Abunə ol!