“Qönçə” dərgisi 24. say – Yanvar 2016


Yanvar_2015_curves-1
“Qönçə” dərgisi 24. say – Yanvar 2016
Dərgi haqqında
  • Çap tarixi: 2015
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 24/12/2015    : 741


Şah çaqqal
Aslan olmayan meşədə çaqqal şahlıq edirdi. Atalar demişkən, “Qoyunun olmadığı yerdə keçiyə bəy deyərlər”. Bu çaqqala da meşə sakinləri şah deyirdilər. Amma onda şahlıqdan əsər-əlamət belə yox idi. O, günahsızları cə­zalandırır, gücsüzlərə zülm edirdi. Artıq heyvanlar bu çaqqalın əlindən cana doymuşdular. Meşədəki heyvanlar: “Allah bu cür şahı düşmənimizə də nəsib eləməsin”, − deyirdilər.
Heyvanlar gördülər ki, bu dırnaqarası şah get-gedə daha da amansızlaşır. Belə getsə, meşədəki heç bir heyvan rahatlıq tapmayacaq. Bütün heyvanlar bir yerə yığışıb bu çaqqaldan xilas olmağın yollarını fikirləşdilər. Onlar çaqqalı taxtdan salmaq üçün bir plan qurdular. Hamı sözləşib çaqqala yemək-içməyi bol olan böyük bir dağdan danışmağa başladı:
− Ora elə bir dağdır ki, heç kim yemək-içmək dərdi çəkmir. Dağın dovşanının, kəkliyinin, ceyranının sayı-hesabı yoxdur. Bir sözlə, yediyin qabağında, yemədiyin də yanında… Orda şikar ovçunun qabağına öz ayağı ilə gəlib çıxır.
Heyvanlar çaqqalı hər görəndə bunları danışdıqca onun ağzının suyu axırdı. Çaqqal da öz-özünə dedi:
− Mən şah ola-ola bu quru meşədə nə tapıb yeyə bilirəm ki? Yediyim dovşanlar dişimin dibində ilişib qalır. Qoyunlara, keçilərə sahibləri gözləri kimi baxırlar. Sürüdən bir quzu tutsam, aləm dəyir bir-birinə. Burda istədiyim kimi qarnımı doyura bilmirəm.
Bir müddət sonra çaqqal artıq o səfalı dağ haqqında deyilənlərə dözə bilmədi. Taxtını oğluna təhvil verib həmin dağa yollandı. Nəhayət, gəlib dağı tapdı. Dağın yolu əyri-üyrü, başı da qarlı idi. Çox əzab-əziyyətli səfərdən sonra dağ olan əraziyə gəlib çıxdı. Qaçışan dovşanları, uçan quşları, otlayan qoyunları və keçiləri görən çaqqalın ağlı başından getdi. Çaqqal öz-özünə fikirləşdi ki, bura gəlmək üçün bu qədər əziyyət çəkməyə dəyərmiş.
Çaqqal tələsik iki dovşanı tutub yedi. Qarnı yaxşıca doyan çaqqal gələcəkdə burda quracağı səltənətinin xəyalına daldı. Elə bu vaxt iki canavar çaqqalı xam xəyallarından ayırdı. “Nə baş verir?” deməyə macal belə tapmayan çaqqal bir də gördü ki, artıq aslanın hüzurundadır.
Aslan kükrədi:
− Sən kimsən ki, mənim ölkəmdə özbaşınalıq edirsən? De görüm, indi sənə hansı cəzanı verim?
Çaqqalın rəngi saraldı:
− Bilmirdim, şahım. Sizdən xəbərsiz belə işlər görməyə mənim nə həddim var axı?
Çaqqal heyvanlara etdiyi zülmləri gizlədərək öz meşəsindəki şahlığından danışdı. Aslan da altdan-altdan gülümsədi:
− Sən gəlməzdən əvvəl bizə səsin-sorağın gəlib çıxdı. “Bizi bu zalım şahdan qurtar”, − deyə tülkü və bayquş xahiş etmişdi. Sən eşitməmisənmi, zülm ilə hökmranlıq edənin axırı peşmançılıq olur?
Aslan çaqqala qırx il nökərçilik eləmək cəzası verdi. Məgər bir çaqqalın ömrü neçə ildir ki?
Atalar demişkən, “Nə əkərsən, onu biçərsən”. Beləcə, meşə sakinlərinə zülm edən çaqqal öz cəzasına çatdı.


Açar sözlər

qönçə dərgisi qönçə jurnalı qönçə yanvar sayı uşaq dərgisi


Abunə ol!