“Qönçə” dərgisi 25. say – Fevral 2016


Fevral 2016
“Qönçə” dərgisi 25. say – Fevral 2016
Dərgi haqqında
  • Çap tarixi: 2016
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 23/01/2016    : 638


Naşükür sincab
Biri vardı, biri yoxdu. Böyük, yaşıl və sıx bir meşə vardı. Bu meşədə növbənöv heyvanlar yaşayırdı. Heyvanlar bir-biri ilə dostluq edirdilər. Belə ki, meşədəki heyvanlar bir-birinin güzgüsü idi, kim bir səhv eləsə, dərhal onun səhvini düzəldir, ona kömək edirdilər.
Meşədə yaşayan heyvanlardan biri də sincab idi. Qırmızı, yumşaq tükləri, şələ quyruğu, sürməli gözləri olan bu sincabı hər kəs çox istəyirdi. Heyvanlar onu görəndə əhvalını soruşur, başını sığallayır, ona qoz, fındıq, fıstıq verirdilər.
Sincab meşədəki heyvanların ona bəslədiyi sevginin, hörmətin qiymətini bilmir, onları tez-tez təhqir edirdi. Qarğaya “çirkin səsini çıxarma”, bayquşa “uğursuz quş, yoluma çıxma”, tülküyə də “toyuq oğrusu” deyirdi. Bir sözlə, bu sincab böyüyə-kiçiyə baxmadan hər kəslə zarafat edir, tay-tuşlarına da ağzına gələni deməkdən utanmırdı.
Meşədəki heyvanlar sincaba tez-tez xəbərdarlıq etsələr də, sincab sözə qulaq asmır, kobud rəftarından əl çəkmirdi. Artıq bütün heyvanlar sincabın əlindən təngə gəlmişdilər. Çıxış yolunu bu meşədən köçməkdə gördülər və belə də etdilər. Onlar gecənin birində sincabdan xəbərsiz meşəni tərk edib uzaq bir yerdə özlərinə yeni yurd saldılar.
Sincab səhər tezdən yuxudan oyananda gördü ki, meşədə kimsə yoxdur. “Harda olsalar, indi çıxarlar ortaya”, − deyə fikirləşdi. Bir müddətdən sonra heyvanların gözə dəymədiyini görən sincab narahat olmağa başladı. Amma yenə də kefini pozmayıb dedi:
− Demək, gəzintiyə getmisiniz, hə?.. Axşam qayıdın, görün başınıza nə oyun açacam!
Günəş batdı, ancaq heyvanlar yenə də gəlib çıxmadılar. Sincab öz-özünə dilləndi:
− Dayanın, nə olar, bu gün gəlməsəniz də, sabah mütləq gələcəksiniz! Bu gün gəlsəydiniz, heç olmasa, az danlayardım. Sabah gəlin, görün gen dünyanı başınıza necə dar edirəm. “Mənim dostum, sevimli sincab” deyin, ancaq gəzməyə mənsiz gedin. Belə də dostluq olar?!
Ertəsi gün də gələn olmadı. Sincab çıxıb dostlarını axtarsa da, heç kimi tapmadı. Məyus halda fikirləşdi:
“Görəsən, hara gedib bunlar? Başlarına bir iş gəlməyib, görən? Yer yarılıb içinə girmədilər ki… Mən təkbaşına bu qaranlıq meşədə nə edəcəm? Bəlkə, bunlar mənim acı dilimin ucbatından çıxıb gediblər?!”
Sincab heyvanlara dediyi o acı sözləri, təhqirləri bir-bir yadına salıb peşmançılıq çəkdi. “Kaş deməyəydim, kaş etməyəydim”, − deyə təəssüfləndi.
Heyvanlar hər gün gizlicə bir quş göndərib sincabın vəziyyətindən xəbər tuturdular. “Görəsən, nə edir? Peşman olub, yoxsa yox?” − deyə quşların gətirdiyi xəbəri hər axşam müzakirə edirdilər.
Yenə bir gün göyərçinin gətirdiyi xəbərə görə sincab yığışıb başqa bir yerə getmək istəyirmiş. “Dostsuz bu meşənin nə qiyməti var? Onlar olmadan bütün meşə fındıqla dolu olsun, nə faydası var?” − deyib əvvəlki hərəkətlərindən çox peşmançılıq çəkirmiş.
Heyvanlar bir yerə yığışıb götür-qoy edirlər ki, artıq sincab əməllərindən peşman olub, lazımi dərsi də alıb. Buna görə də qərara gəlirlər ki, öz yurdlarına qayıtsınlar. Sözün düzü, qürbət eldə yaşamaq onlar üçün də çox ağır idi.
Sincab səhər yuxudan oyananda nə görsə, yaxşıdır? Baxdı ki, meşə əvvəlki kimi heyvanlarla doludur. Bülbüllər ötür, dovşanlar, dələlər ora-bura qaçışır. Sincab sevincindən, az qalırdı, ağlasın. Tez heyvanların yanına gəlib onları incitdiyi üçün üzr istədi. Beləliklə, meşədəki bütün heyvanlar əvvəlki kimi mehriban yaşamağa başladılar.


Açar sözlər

25 ci say dərgi saytı qönçə dərgisi tezliklə yeni dərgi


Abunə ol!