“Qönçə” dərgisi 26. say – Mart 2016


Mart_2016
“Qönçə” dərgisi 26. say – Mart 2016
Dərgi haqqında
  • Çap tarixi: 2016
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 26/02/2016    : 613


Topal sağsağan

Yazın ortası idi. Hər tərəfdə gül-çiçək açmış, ağaclar yaşıllaşmışdı. Meşədə bütün canlılara çatacaq qədər azuqə var idi. Bütün heyvanlar və quşlar mehriban yaşayırdılar.
Birdən şimşək çaxdı, göy guruldadı, yağış yağmağa başladı. Bir müddət sonra yaz yağışı kəsildi. Sağsağan budaqların arasından çıxdı, qanadlarını silkələyib qurulandı. Uçub bir ağaca qondu. Ətrafı seyr eləməyə başladı. Hər tərəf yamyaşıl idi. Çiçəklərdən gözəl qoxular gəlir, quşlar o tərəf-bu tərəfə uçuşur, sular şırıl-şırıl axırdı. Parlayan günəş hər tərəfi öz ağuşuna almışdı.
Sağsağan ağ-qara tüklərinin parlaqlığından, dimdiyinin uzunluğundan, qanadlarının çevikliyindən, boy-buxunundan razı halda xoşbəxt yaşayırdı. Bu xoşbəxtlik ta kəkliyi görənə qədər davam etdi.
Sağsağan həmişəki kimi bir budağa qonub təbiəti seyr edirdi. Birdən qovaq ağaclarının arasındakı çeşmənin başına enən kəkliyi gördü. Fikirləşdi ki, görəsən, adı dillərdən düşməyən kəkliyin başqa quşlardan nə fərqi var? Öz-özünə dedi:
− Tükləri boz rəngdədir. Qaratoyuğa oxşayır. Boynu da xınalıdır! Nə olsun ki? Deyirlər, səsi gözəldir. Bir səsə görə bu qədər də tərif olar? Bu tərəfə dönsəydi, o dillər əzbəri yerişini də görərdim.
Kəklik narahat baxışları ilə ətrafı süzüb rəqs edən gəlin kimi fırlanıb çeşməyə qondu. Nazlı-nazlı su içməyə başladı.
Sağsağan nə görürdü?! Əvvəlcə yanılıb-yanılmadığını yoxlamaq üçün gözlərini ovuşdurdu. Onun yerişinə heyran qalmışdı. Öz-özünə danışmağa başladı:
− Bu gündən sonra mən də çox məşq edəcəm. Mənim kəklikdən nəyim əskikdir ki? Mən də onun kimi otların üzərində rəqs edəcəm.
Kəklik qanadlarını açıb ox kimi sürətlə göyə qalxdı və bir anda gözdən itdi. İndi meydan sağsağana qaldı.
Sağsağan uçub çeşmənin başına qondu. Məşq etməyə başladı. Saatlarla məşq­ ­­elədi. Sonrakı günlərdə də gecə-gündüz demədən çalışdı.
Çalışmaq yaxşı şeydir, ancaq bir işə başlamazdan əvvəl ölçüb-biçmək, düşünüb-daşınmaq lazımdır. Nə qədər çalışsa da, qartal bülbül kimi cəh-cəh vura bilməz, sərçə dəvəquşu kimi qaça bilməz.
Məyus olmaq istəmirsənsə, bacara bildiyin işi öhdənə götürməli, ayağını yorğanına görə uzatmalısan. Daha sonra işə başlayıb əzmlə çalışaraq istədiyin nəticəni əldə edə bilərsən. İşə başlayıb əzmlə çalışmaq əsas şərtlərdəndir. Başqalarını kor-koranə təqlid etmək isə bacarığı kütləşdirir.
Sağsağan günlərcə kəklik kimi gəzməyə çalışdı, onu təqlid elədi. O, yerişinin dəyişdiyinə inanandan sonra:
− Yorulmağıma dəyər. Artıq yerişim kəkliyinkindən də yaxşıdır, − dedi.
Təkəbbürlü-təkəbbürlü gəzərkən digər quşlar onu gördülər. Sağsağanın topal kimi axsaya-axsaya yeridiyini görəndə bütün quşlar qəhqəhə çəkib güldülər. Sağsağanı göstərib bir-birilərinə dedilər:
− Bunun yeriyişinə bax, gör nə gülməlidir?! Başqalarını yamsılaya-yamsılaya öz yerişini də itirib.
Sağsağan qəribə yeridiyini quşların gülüşündən başa düşdü. Əvvəlki kimi gəzmək istədi, ancaq bacarmadı. İndi sağsağan nə əvvəlki kimi yeriyə bildi, nə də kəklik kimi gəzə.
“Çox istəyən azdan da qalar” deyiblər. Sağsağan indi ölçüb-biçmədən gördüyü işin cəzasını çəkirdi. O, adicə öz yerişini belə itirmişdi. Bu hadisədən sonra onu meşədə “topal sağsağan” deyə çağırdılar.


Abunə ol!