“Qönçə” dərgisi 27. say – Aprel 2016


Aprel - Üz qapaq
“Qönçə” dərgisi 27. say – Aprel 2016
Dərgi haqqında
  • Çap tarixi: 2016
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 01/04/2016    : 647


Şifrə

Bu, mənim velosipedimdir. Onu yay tətilində atam alıb. Həqiqətən də, çox keyfiyyətli velosipeddir. Bir nasazlıq olanda atam düzəldir.

Bir dəfə velosipedim işləmədi. Atam çox çalışdı, amma onu düzəldə bilmədi. Mən bundan çox məyus oldum.  Atam mənim bikef olduğumu görüb:

− Narahat olma, velosiped ustasına aparıb düzəltdirərik, − deyəndə ürəyim yerinə gəldi.

Usta tapmaq üçün velosipedi aldığımız mağazaya getdik. Mağazaya girəndə nə görsək, yaxşıdır. Hər tərəf velosiped aksesuarları ilə dolu idi. Onlar mənim gözümü qamaşdırırdı. Siqnallar, fənərlər, güzgülər, daha nələr, nələr…  Velosipedimi təmir etdirmək üçün gəlsəm də, rəflərdəki aksesuarlardan gözlərimi ayıra bilmirdim. Elə bu zaman atam yanıma gəlib dedi:

− İstədiyin aksesuardan birini seçə bilərsən. Bax yalnız birini ha!

“Görəsən, hansını seçim?” − deyə bir az götür-qoy elədim.

Satıcı usta çağırtdırıb velosipedimi təmir etdirmişdi. Ancaq mən hələ də qərar verməmişdim.

− Oğlum, tez ol, birini seç, − deyə atam səsləndi.

− Kilid istəyirəm. Şifrəli kilid istəyirəm, ata, − dedim,

Bu kilidin sayəsində susayanda velosipedi əziyyət çəkib evə − üçüncü mərtəbəyə qaldırmayacaqdım. Onu kilidlə həyətdəki nərdivana bağlayacaqdım.

Kilidin dörd rəqəmli bir şifrəsi vardı. Alarkən üstündəki şifrə dörd dənə sıfır rəqəmi idi. Satıcıdan şifrənin necə dəyişdirildiyini öyrənib evə yollandıq.

Kilidin şifrəsi nə olsun, görəsən? İndi də bunu fikirləşməyə başladım. Bəlkə, anadan olduğum il – 2004 olsun. Yox, məhəllədəki həmyaşıdlarım bunu tapa bilərlər.

Bəlkə, 1991 olsun. Azərbaycanın müstəqillik qazandığı il.

Kilidin şifrəsini bir neçə dəfə dəyişdirdim. Sonuncu dəfə qoyduğum şifrəni isə unutdum. Yadımda qalan şifrələri yoxlasam da, kilidi aça bilmədim. Çarəsiz qalıb atamdan soruşdum.

Atam:

− Yəqin, bir-iki rəqəmi səhv yığmısan, yenidən yoxla, − dedi.

Ancaq nə qədər yoxladımsa, açılmadı ki, açılmadı. Atam da bir neçə dəfə yoxladı, yenə açılmadı. Axırda atamla kilidin şifrəsindəki rəqəmləri bir-bir yoxlamaq qərarına gəldik. 1-dən 9999-a qədər rəqəmləri bir-bir yoxlamalı idik. Güc-bəla 2000-ə qədər olan rəqəmləri yoxladıq, amma kilidin şifrəsini tapa bilmədik. Sonda çarəsiz qalıb ustanın yanına getdik.

Usta:

− Bu cür kilidlərin şifrəsini tapan alət var, ancaq hal-hazırda məndə yoxdur, − dedi.

Bir həftə ərzində atamla nə qədər çalışsaq da, kilidin şifrəsini tapa bilmədik. Hər dəfə: “Bəlkə, təsadüfən tapdım”, − deyirdim.

Atam həftə sonu velosipedin kilidini mənə verib dedi:

− Oğlum, dünyada “təsadüf” deyilən bir şey yoxdur. Bir canlının təsadüfən meydana gəlməsi üçün yüzlərlə cansız maddəyə ehtiyac var. Bu maddələr də gərək müəyyən nisbətdə olsun. Gözlə görülməyən hüceyrələrdə bu maddələrin nisbəti təsadüfən tutdurula bilərmi? Biz nə qədər yoxlasaq da, dördrəqəmli şifrəni tapa bilmədik. Halbuki bir canlının təsadüfən meydana gəlməsi ehtimalı min rəqəmli bir şifrənin təsadüfən açılması ehtimalından da azdır.

Atamın nə demək istədiyini anladım. Dördrəqəmli bir şifrəni aça bilmədim, amma milyonlarla şifrəli bir “qıfılın” necə açılacağını başa düşdüm.

Yeri gəlmişkən, deyim ki, velosipedin kilidini ustaya vermədim. Xatirə saxladım. Axı ondan dəyərli bir şey öyrənmişdim.

 


Açar sözlər

qönçə dərgisi uşaq jurnalı


Abunə ol!