“Qönçə” dərgisi 28. say – May 2016


mayl_2016.indd
“Qönçə” dərgisi 28. say – May 2016
Dərgi haqqında
  • Çap tarixi: 2016
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 05/05/2016    : 650


Qartalın arzusu

Qartalın bir qanadı yaralanmışdı. Buna görə də uça bilmirdi. Bir vaxtlar səmaya qalxıb ovuna şığıyan bu quş indi bütün gününü kolların arasında yem axtarmaqla keçirirdi.
Meşədə bir qarı odun toplayırdı. O, qartalı bu vəziyyətdə gördü və onu tutub öz-özünə dedi: “ Sənə nə olub belə, gözəl quşum? Bu caynaqların, qanadların, dimdiyin nə gündədir belə?! Mən sənə bir yaxşıca əl gəzdirim ki, bu pərişan halından qurtulasan.
Qarı qartalı evinə apardı. Qartalın tüklərini parıldatmaq üçün onu sabunla yudu. Yazıq quşun tükləri bir-birinə qarışdı. Qartala diqqətlə baxıb: “Caynaqların, dimdiyin yaman uzanıb”, − dedi. Sonra da yazıq qartalın caynaqlarını və dimdiyini kəsib qısaltdı. Bu bəs deyilmiş kimi, lələklərinin ucunu da kəsdi.
Bir vaxtlar uca zirvələri fəth eləyən qartal indi gülünc vəziyyətə düşmüşdü. Lap toyuğa oxşayırdı. Qarı bunu qartala yaxşılıq niyyəti ilə eləmişdi.
Üstündən bir neçə həftə keçdi. Qartalın yaralı qanadı yavaş-yavaş yaxşılaşırdı. Ancaq ürəyi yaralanmışdı. Kəsilmiş lələklərlə, caynaq və dimdiklə nə edəcəkdi? Göy üzündə süzüb çayları, meşələri seyr etmək yerinə, indi toyuqların arasında vaxt keçirirdi.
Qartala tozlu-torpaqlı damda ev quşlarıyla birgə yaşamaq ağır gəlirdi. Ancaq qartal ümidini heç vaxt itirmirdi. Toyuq-cücənin yanında qala-qala boş vaxtlarında yenidən uça bilmək üçün məşq edirdi.
Nəhayət, qartalın lələkləri uzandı, yarası sağaldı və özünü əvvəlki kimi güclü hiss etməyə başladı. O, hər zaman göylərdə qanad çalmağı düşünür, bir gün bu arzusuna çatacağına inanırdı.
Günəşli bir yaz səhəri idi. Qartal özünü çox yaxşı hiss edirdi. O, evin yanındakı təpəyə qalxdı. Bərkdən bir qıy vurdu. Ətrafdakı bütün heyvanlar ona baxdı. Uzun müddət birlikdə yaşadığı quşlardan ayrılmaq qartalı kədərləndirmişdi. Amma o, əvvəlki kimi göy üzündə süzməyə can atırdı. Qartal dərin bir nəfəs alıb təpənin başından havalandı. O, bir neçə dəfə qanad çalıb göy üzünə yüksəldi. Hündürə qalxan qartal dostlarıyla sağollaşdı. Bağçadakı heyvanlar qartalın yenidən uçmasına sevinib ucadan səsləndilər:
− Əlvida, qartal. Hər heyvan öz vətənində xoşbəxtdir!


Açar sözlər

qartalın arzusu uşaq dərgisi


Abunə ol!