“Qönçə” dərgisi 29. say – İyun 2016


Qonce_iyun.indd
“Qönçə” dərgisi 29. say – İyun 2016
Dərgi haqqında
  • Çap tarixi: 2016
  • Səhifə: 36 səhifə
  • Ölçü: 210x297
  • Qiymət: 3.50 AZN

: 31/05/2016    : 631


Müqəvva və sərçə

− Tək-tənhayam. Bütün günü bu böyük tarlanın ortasında sağa-sola fırlanıram, − deyə müqəvva köks ötürdü.
− Bəlkə, sağa-sola fırlandığın üçün heyvanlar səni insan sanıb yanına gəlmirlər.
Müqəvva təəccüblə arxaya baxdı. İlk dəfə idi ki, kimsə onunla danışırdı.
− Sən kimsən? – deyə həyəcanla soruşdu.
Bu, bala sərçə idi. Müqəvvadan bir-iki addım geridə xırda qəhvəyi gözləri ilə ona baxırdı:
− Mən sərçəyəm, bapbalaca sərçə. Yəni hələ böyüməmişəm. Amma uçmağı bacarıram. Bunu mənə anam öyrədib.
− Mənim də işim tarlanı qorumaqdır, − dedi müqəvva, − İnsanlar burda meyvə-tərəvəz yetişdirirlər. Qarğalar da gəlib onları yemək istəyir. Əgər mən burda olmasam, qarğalar tarlada bir dənə də toxum, şitil qoymazlar.
− Yəqin ki, işin çox məsuliyyətlidir. Bəs sənin dostların hardadır?
− Mənim heç bir dənə də olsa, dostum yoxdur. Hamı məndən qorxur. Halbuki mənim heç kimə bir zərərim toxunmur.
− Sən çox ürəyiyumşaqsan. Gəl səninlə dost olaq. Mən bir azdan məktəbə gedəcəm. Məktəbdə öyrəndiklərimi gəlib sənə də danışaram.
− Yaxşı, amma gələndə başqa sərçələri də gətirərsən.
− Əlbəttə, gətirərəm. Biz, deyəsən, yaxşı dost olacağıq.
− Mənim haqqımda belə düşündüyünə görə çox sevindim. Mən də çox şeylər bilirəm. Onları sənə öyrədərəm. Bura tez-tez insanlar gəlir. Tarlada işləyəndən sonra bir-biriləri ilə söhbət edirlər. Onlardan çox şey öyrənmişəm.
Onlar şirin-şirin söhbət edirdilər. Bu vaxt yağış çisələyir, bir tərəfdən də günəş gülümsəyirdi. Müqəvva həyəcanla sərçəyə dedi:
− Bax bir azdan göyqurşağı çıxacaq.
− Göyqurşağı nədir? O, sərçə yemir ki?
Müqəvva gülümsədi:
− Qorxma, qorxma. Göyqurşağı sərçə yemir. O, göydə olur. İstəsə də, səni yeyə bilməz.
− Bax buna sevindim. Axı mən balacayam. Hələ məktəbə gedirəm.
Bu əsnada göy üzündə böyük göyqurşağı göründü. Müqəvva həyəcanla sərçəyə dedi:
− Göyqurşağına bax, gör nə boydadır!
Sərçə başını yuxarı qaldırdı. Bu mənzərə qarşısında balaca gözlərinə təəccüb və heyranlıq hissi qondu:
− Aman, Allah! Ömrümdə birinci dəfədir ki, göyqurşağı görürəm. Necə də gözəldir, rəngbərəngdir. Görəsən, göyqurşağı niyə həmişə görünmür?
− Göyqurşağı ancaq yağış yağandan sonra günəş çıxanda olur.
− Yaxşı ki, gəlmişəm. Yoxsa göyqurşağının nə olduğunu bilməyəcəkdim.
Müqəvva sərçəyə nəsə öyrətdiyi üçün çox sevindi:
− Buna çox sevindim, balaca dostum. Yaxşı ki, səninlə söhbətləşdik. Mənim də bir dostum oldu.
− Mənim çoxlu dostlarım var. Gələn dəfə onları da gətirərəm. Ancaq onu indidən deyim ki, biz bir yerdə olanda çox danışırıq ha. Sonra demə ki, səs-küydən başım ağrıyır.
− Təki siz gəlin, çox sevinərəm.
− Yaxşı, onda xeyrə qarşı, mən gedim. Anam nigaran qalmasın, − deyib balaca sərçə yuvasına doğru uçdu.
Müqəvva sərçə uçub gözdən itənə qədər təzə dostunun arxasınca baxdı. Bala sərçə onun çox xoşuna gəlmişdi. Artıq onun da bir dostu vardı.


Açar sözlər

uşaq dərgisi


Abunə ol!