Rəhilə Rahim “XOCALI” şeiri


: 22/02/2017    : 382


XOCALI

Xocalıdaymış bir Alı baba ocağı,

Oğlu nər Qocalı, gəlini zər Xınalı,

Nəvələri Xocalı, Həyalı, Sayalı,

Qardaşım, bu bir Rəhilə Rahim Xəyalı,

Xalqımızın qan yaddaşı, – ulu Xocalı!

 

Yeddi yaşında nələr yaşadı Xocalı,

Ekizlərmiş beş yaşlı Həyalı, Sayalı,

Unudulmaz bu ocağın qaranquşları,

Qardaşım, bu bir Rəhilə Rahim Xəyalı,

Tarixdə, qanlı tarix yaşadı Xocalı!

 

10.05.1991

Alı Babasından xahiş etdi Xocalı,

Gəl bayraqla yola salaq qaranquşları,

Beləcə bayraqlaşan Xocalı quşları,

Qardaşım, bu bir Rəhilə Rahim Xəyalı,

Ərşi soyqırımıyla titrədən Xocalı!

 

                     20.01.1992

Alı Babasından xahiş etdi Xocalı,

Baba, sən qoyma atam bağlasın eyvanı,

Biçarə qoymasın gələn qaranquşları,

Qardaşım, bu bir Rəhilə Rahim Xəyalı,

Param parçaların zil naləsi, – Xocalı!

 

             24.02.1992 sübhdən

Baba, bu nə quşlar, nə üçün ulaşarlar?

Qğul, bu ulaşan qəfil quşlar, bayquşlar!

Onların ulaşması faciələrə tuşlar,

Onların amalı, viran xarabalıqlar!

 

Baba, bayquşlardan bizə nə faciələr?

Oğul, onların müjdəsilə qan tökülər,

Körpələr, qocalar qətlə yetişə bilər,

Ocaqlarda çıraqlar hər an sönə bilər!

 

             25.02.1992 sübhdən

Sübh namazından öncə, – söylədi Xocalı,

Döndü qəfildən Xocalı qaranquşları,

Vahiməyə saldı ulaşan bayquşları,

Üç rəng bayraqlı Xocalı qaranquşları!

Bu səhnə xatirələrdə həmişə yaşar,

Qanına tüğyan oldu ulaşan bayquşlar,

Qələbə qazandı bayraqlı qaranquşlar!

Görəsən, nədən xəbər verir bu savaşlar?

 

Düşündü, müdrik babasından cavab alar,

Oğul, bayquşlardan canlı-qanlı olaylar,

Göyləri bürüyən o zil qara buludlar,

Xocalıda təkrarlanar iyirmi yanvar!

 

Baba, bəs qəfil gələn məsum qaranquşlar?

Oğul, onlara agah olmuş o bayquşlar!

Onlar üçün Xocalıda doğma ocaqlar,
Hər biri üçün əzizdir  bu yuvalar!

 

Baba, desənə bəs o zil qara buludlar?

Diqqətlə bax, başladı artıq qasırğalar,

Qopdu tufan, söndü işıqlar,  çovğun, qar,

Çox yaxında eşidildi güclü partlayışlar!

 

Səsə eyvana çıxdığımız zaman birdən,

Bir dəstə yaraqlıyla üzləşdik qəfildən,

Atam bir anda qətlə yetirildiyindən,

Babam da öldürüldü, hücuma keçərkən.

 

Qatillərin anamı apardığı zaman,

Bacılarım tutdu onun ayaqlarından,

Ağacla  birinin başından vurduğum an,

Divara çırpdılar tutub qollarımdan.

 

Gecə  yarıda  özümə  gəldiyim  zaman,

Tanıdım     dayıları     pıçıltılarından,

Yaralanmışdım çiynimdən və sol qolumdan,

Ata,  baba,  bacılara  tutulmuş  divan!..

 

Rəhilə Rahim, de dözə biləcəksənmi?

Tam təfsilatla nağıl etsəm hekayəmi.

Soyqırım, qətliman, faşizm daha bir nəmi?

Söylə şair, başqa cür sözlər bilirsənmi?..

 

 

 

 

2017, 15 fevral, Rəhilə Rahimdən

 

Xocalı hekayəsində Babası Alı,

Atası Qocalı, itkin ana, – Xınalı,

Zavallı    bacıları, –   Həyalı,   Sayalı…

Qardaşım, qələm ardın yazmır, göz yaşları!..

Ürəklər   kövrəlir, Xocalı, qan  yaddaşı!..

Xocalı ailə qurub, yoldaşı Şanlı,

Iki ekiz qızı, – Həyalı və Sayalı

Iki oğlu, – Alı və körpə Qocalı!

Evləri eyvanlı, qaranquş yuvaları,

Hamının xəyalında tək ana, – Xınalı,

İyimi beş il gözləri yolda, – Xocalı!..

 

Bakı ş.240 saylı tam orta məktəbin Ve   sinif   şagirdi  

Rəhilə Rahim